A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Fazil Mustafa

Fazil Mustafa 

Fazil Mustafa - millət vəkili, Böyük Quruluş partiyasının sədri.

Fazil Qəzənfər oğlu Mustafa 1965-ci il oktyabr ayının 19-da Naxçıvan şəhərində anadan olub.

1982-ci ildə Naxçıvan şəhərindəki 10 saylı orta məktəbi bitirib və həmin ildən 1984-cü ilədək 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib.

1984-1986-cı illərdə Ukraynada keçmiş SSRİ Silahlı Qüvvələri tərkibində hərbi xidmətdə olub.

1986-cı ildə Baki Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub və 1991-ci ildə həmin ali məktəbi bitirib.

1981-ci ildən SSRİ əleyhinə gizli siyasi dərnəklərdə fəaliyyət göstərib.

1982-ci ildə “Nizami Gəncəvi əsərlərinin bədii qiraəti” üzrə Gəncədə keçirilən ümumrespublika müsabiqısinin qalibi olub.

1987-ci ildə Yenidənqurmanı dəstəkləmək adı ilə fəaliyyət göstərən milli hərəkatın ən öncül təşkilatı olan “Çənlibel” birliyinin büro üzvü olub. 1987-ci ildə “Yurd” birliyinin yaradıcılarından biri kimi tələbə hərəkatında aktiv rol alıb. 1989-cu ildə Şimali Azərbaycan Azad Tələbə İttifaqının İdarə Heyətinin sədri seçilib. 1989-cu ildə təsis edilən Azərbaycan Xalq Cəbhəsinin BDU Hüquq Fakultəsində Dayaq Dəstəsinin sədri olub. Eyni zamanda SSRİ Hüquqşünas-Tələbə İttifaqı İdarə Heyətinə üzv seçilib. 1990-cı ildə iki dəfə Azərbaycan SSR Ali Sovetinə AXC-dən deputatlığa namizədliyi irəli sürülüb, seçilməyinə baxmayaraq mövcud hakimiyyət tərəfindən qələbəsi tanınmayıb.

1991-ci ildə təyinatını AXC-yə alıb və 1992-ci ilin iyun ayına qədər AXC sədri Əbülfəz Elçibəyin müşaviri və AXC Analitik Mərkəzinin rəhbəri işləyib.

1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanda BDU-da Beynəlxalq Münasibətlər Fakultəsində politologiya fənnini tədris edib. 1993-cü il iyun çevrilişindən sonra təqib olunub və uzun müddət axtarışda olub. 1994-1995-ci illərdə sabiq prezident Ə.Elçibəyin sürgündə olduğu Ordubad rayonunun Kələki kəndində onun aparatının rəhbəri olub. 1995-ci ildə barəsində bir neçə cinayət işi açıldığından Türkiyəyə mühacirətə getməyə məcbur olub və 1998-ci ilədək orada Ə. Elçibəyin Türkiyə Özəl Təmsilçisi vəzifəsini həyata keçirib. Elçibəy Kələki sürgünündən Bakıya qayıtdıqdan sonra 1998-ci ildə Türkiyədən geri dönüb və AXCP sədrinin Siyasi məsələlər üzrə müavini olub. 1998-ci ildə iki dəfə müxtəlif müddətlərdə həbs olunub, lakin beynəlxalq təşkilatların təzyiqi ilə azad olunub. 2001-ci ildə siyasətdən uzaqlaşdırılmaq məqsədilə döyüş bölgəsinə qanunsuz olaraq ikinci dəfə hərbi xidmətə göndərilib və 2003-cü ilədək baş leytenant rütbəsilə tağım komandiri kimi hərbi xidmət keçib. 2003-cü ildə hərbi xidmətdən dönərək yaxın silahdaşları ilə birlikdə Böyük Quruluş partiyasını (BQP) təsis edib və ilk qurultayda həmin partiyanın Başqanı seçilib.

2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda “Azərbaycan Türklərinin dini-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt” mövzusunda dissertasiya işini müdafiə edərək Fəlsəfə Doktoru elmi adını alıb.

2005-ci il noyabr ayında Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə Bakı şəhəri üzrə 26 saylı Sabunçu birinci seçki dairəsindən Millət vəkili seçilib. 3-cü çağırış Milli Məclisdə İnsan Hüquqları Komitəsinin, İntizam Komissiyasının və ATƏT Parlament Assambleyasının üzvü olub.

Fazil Mustafa 2008-ci ildə keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində BQP-nin namizədi kimi iştirak edib və seçki marafonunu üçüncü sırada başa vurub.

2010-cu ildə 4-cü çağırış Milli Məclisə keçirilən seçkilərdə yenə də 26 saylı Sabunçu birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Hazırda Milli Məclisin İnsan Hüquqları Komitəsinin və İntizam Komissiyasının üzvü, eyni zamanda Avropa Şurası Parlament Assambleyasının və Avronest Parlament Assambleyasının üzvüdür. 2009-cu ildən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvüdür.

Fazil Mustafa Türkiyə və Azərbaycanda nəşr olunmuş 14 kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifidir. “Əbülfəz Elçibəy: Tarixdən gələcəyə”, Azərbaycan Türkünün İman Davası”, “Türk kimliyi və Azərbaycan Vətəni”, “Ölümdən sonrakı diriliş”, “”Sümüklərimiz haqqında elegiya”, “Bir türkün münifesti”, “Bu xalqdan o xalqa doğru”, “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü”, “İkinci Cümhuriyyətin quruluşu”, “Asiyadan sivilizasiyaya” adlı kitabları geniş yayılmışdır.

1998-ci ildən ailəlidir. Iki övladı var.

İstifadə olunan mənbələr: fazilmustafa.az

No comments:

Post a Comment