A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Əliağa Şıxlinski

Əliağa Şıxlinski

Əliağa Şıxlinski - Çar Rusiyası ordusunda artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini

1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub.

Əliağa Şıxlinski 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayıb. 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirib. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi iştirak edib. Port-Artur qalasının müdafiəsi zamanı xüsusilə fərqləndiyinə görə "Qızıl qılınc" mükafatına layiq görülüb.

Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə polkovnik rütbəsinə yüksəlib. 1910-cu ildə dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" kitabı çap olunub. Bundan əlavə, "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib. Əliağa Şıxlinski 1912-ci ildə artilleriya sənətinin inkişafına verdiyi töhfələrə görə general-mayor rütbəsinə layiq görülüb və çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilib.

I Dünya Müharibəsi zamanı onun hərbi bacarığını yüksək qiymətləndirən rəhbərlik Petroqradın artilleriya müdafiəsini məhz general Əli-Ağa Şıxlinskiyə tapşırıb. Sonralar o, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin olunub.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra general Şıxlinski vətənə qayıdıb və dekabr ayında hərbi nazirin müavini təyin edilib.

1920-ci il aprel ayının 27-də Bolşevik Rusiyası Azərbaycana soxularkən Əliağa Şıxlinski hərbi nazir vəzifəsini icra edirdi. Müqavimətin mümkünsüz olduğunu görən general rus ordusuna silah qaldırmadı və bunun müqabilində sovet hökuməti ona toxunmadı.

Bundan sonra Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra Qərargahında çalışmağa başladı. 1921-ci ildə Azərbaycan Sovet Qoşunları Qərargahına göndərildi və bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini vəzifəsində çalışdı. Sonradan Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi fəaliyyət göstərən general 1924-cü ildə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edildi.

1929-cu ildə istefaya çıxan general-leytenant Əliağa Şıxlinski, fəaliyyəti ərzində I-IV dərəcəli Anna, I-III dərəcəli müqəddəs Stanislav, II-IV dərəcəli Vladimir, IV dərəcəli Georgi ordenləri, bir çox medallar, həmçinin Fransanın bir sıra yüksək hərbi ordenləri ilə də təltif olunmuşdu.

Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də Bakıda vəfat edib və Yasamal rayonundakı şəhər qəbiristanlığında dəfn olunub.

İstifadə olunan mənbələr: azertag.az

No comments:

Post a Comment