A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Abbasqulu ağa Bakıxanov

Abbasqulu ağa Bakıxanov

Abbasqulu ağa Bakıxanov - tarixçi, şair, yazıçı, alim, mütəfəkkir və tərcüməçi.

Abbasqulu ağa Bakıxanov 1794-cü ilin 21 iyununda Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində doğulmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, həyatının bu dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirmişdir. 

1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Qubanın Əmsar (indiki Amsar) kəndinə köçüblər. Abbasqulu ağa 1819-cu ilədək Əmsarda yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o, ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılan xeyli ədəbiyyat oxumuşdur. 

Bakıxanov 1819-cu ildə o dövrdəki Qafqazın baş hakimi general A.Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuşdur. O, 26 il bu vəzifədə işləmişdir. Onun dünyagörüşündə, həyata baxışında Tiflis mühiti, Avropa, rus şair və yazıçıları ilə görüşlər mühim izlər buraxmışdır. Belə ki, əvvəllər onun dünyagörüşü üçün dini sxolastika və mistika səciyyəvi idisə, "Meraci-xəyal"("Xəyalın uçuşu"), "Məclisi-firəng" ("Firəng məclisi") kimi əsərlərində dini mistikadan əsər-əlamət yoxdur. Həmçinin, burada o, A.S.Qriboyedovla tanış olmuşdur; hətta o öz əsərlərinin ilkin variantını A.Bakıxanova oxumuşdur. Həmin dövrdə Tiflisdə yaşamış alman şairi Fridrix Bodenştedt özünün "Şərqdə min bir gün" adlı əsərində A.Bakıxanov yaradıcılığına yüksək qiymət verir. Onun "Tatar nəğməsi" adlı şeiri polyak şairi Lado Zablotski tərəfindən polyak dilinə çevrilmişdir.

A.Bakıxanov A.S.Qriboyedov, A.S.Puşkin, A.A.Bestujev (Marlinski), V.K.Küxelbeker, A.Çavçavadze, Q.Orbeliani, N.Barataşvili, F.Bodenştedt, Fazilxan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq etmişdir. 

1833-1834-cü illərdə o Varşavada və Peterburqda yaşamış, rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olmuşdur.
  
Bir jurnalist kimi o, "Tiflisskiye vedomosti", "Zakavkazskiy vestnik", "Kavkaz" qəzetlərinin fəaliyyətində iştirak etmişdir.
 
A.Bakıxanov "Qüdsi" təxəllüsü ilə müxtəlif şeirlərin və bədii əsərlərin müəllifidir. Bədii ədəbiyyatda maarifçilik ideyalarının yaranması da onun adı ilə bağlıdır. Həm lirik, həm də epik növdə, yalnız əruz vəznində yazıb yaratmışdır. Onun bədii yaradıcılıq fəaliyyətini şeirlər külliyatı, poemaları, avtobiorafik şeirləri, mənzum hekayələri, qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri əhatə edir. 

“Riyazül-qüds”, “Kitabi-Əsgəriyyə” əsərləri ilə bədii nəsrin hekayə janrının ilk nümunələrini yaratmışdır. Həcmcə ən böyük əsərləri “Mişkatül-ənvar” və “Miratül-cəmal” məsnəviləridir.

“Miratül-cəmal” avtobioqrafik məzmun daşıyır. Burada şairin Polşada, xüsusilə Varşavada keçirdiyi həyat, iştirak etdiyi məclislər və vətəninə olan məhəbbəti tərənnüm olunur. 

“Mişkatül-ənvar” məsnəvisi insan və cəmiyyətə, dövlətin idarə olunmasına, hökmdar və xalq münasibətlərinə həsrolunmuşdur. Forma və məzmun baxımından Nizaminin  “Sirlər xəzinəsi”ni xatırladır. Əsərdə bir sıra təmsil və mənzum hekayələr  də vardır ki, onların bir qismində nəsihətamiz fikirlər söylənilir, ikinci qismində isə mövcud həyatdakı ictimai eyiblər, mütləqiyyət zülmü tənqid olunur. 

Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm”, “Kəşfül-qəraib”, “Ümumi coğrafiya” kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Bakıxanova qədər Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair bu kimi yazılı sənədlərdə təsadüf olunurdu. O, ilk dəfə olaraq bu parakəndə materialları toplamış və onlara əsasən “Gülüstani-İrəm” adlı əsərini yazmışdır.
 
Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun ensiklopedik biliyə malik bir alim olduğunu göstərməkdədir. Onun birinci elmi əsəri fars dilinin qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir. Əsər 1828-ci ildə yazılmışdır.

Ömrünün sonlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə də dəfn olunmuşdur.

Haqqında sənədli-bədii film çəkilmiş, Bakının qəsəbələrindən birinə adı verilmişdir. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Abbasqulu ağa Bakıxanovun adını daşıyır. Bakıxanov qəsəbəsində və Qubada heykəli qoyulmuşdur.

No comments:

Post a Comment