A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Məhəmməd Füzuli

Məhəmməd Füzuli
Məhəmməd Füzuli

Məhəmməd Füzuli - görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri. 

Məhəmməd Füzuli 1494-cü ildə İraqın Kərbəla şəhərində doğulmuşdur.

Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi qaynaqlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür.

Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmiş, bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. O, şəxsi mütaliəsi sayəsində orta əsr elmlərini, xüsusilə dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmışdır. 

Füzuli "Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətaiyə ithaf etsə də, saraya meyl etməyib.

Osmanlı padşahı Sultan Süleymana bir neçə qəsidə təqdim etmişdir. Füzuli Süleymanın ordusu ilə birlikdə Bağdada səfər edən türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə yazmışdır.

Füzuli üç dildə - türk, ərəb, və fars dillərində  qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Əsərlərini yalnız əruz vəznində, həm nəzmlə, həm də nəsrlə, həm lirik, həm də epik növdə yaratmışdır. Qəzəl, qəsidə, məsnəvi, qitə, rübai, mürəbbe, müxəmməs, tərcibənd, tərkibənd, təxmis, fəlsəfi traktat janrlarında əsərlər yazmşıdır. Ana dilli bədii nəsrin əsasını qoymuşdur.

Füzuli doxsana qədər qəsidə yazmışdır. Qəsidələrdən  ibarət ayrıca divan tərtib etmişdir. Müasirlərindən fərqli olaraq, qəsidələrində şahlardan çox Allahı mədh edirdi. Qitələrində isə böyük ictimai-fəlsəfi problemlər qoyaraq öz qənaətini bədii dildə ifadə edirdi. Bu baxımdan türk divanındakı qitələri xüsusilə fərqlənir.
 
Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri şairin qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi xüsusi toplayaraq, kitab şəklinə salmışdır. Bundan əlavə, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

Şairin yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də, Şərq və dünya poeziyasının nadir incilərindən sayılır. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi "Leyli və Məcnun" mövzusuna bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən müraciət olunmasına baxmayaraq, Füzulinin Azərbaycan türkcəsində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Klassik məsnəvi janrının bütün qaydа-qanunları üzrə yazılmış əsər Оsmanlı hökmdarı Sultan Süleyman Qanuniyə ithaf оlunmuşdur. Nizamidən fərqli оlaraq, dövrün tələbinə görə Füzulinin «Leyli və Məcnun»u dahа çох sufi-ürfani məzmundadır. Əsərdə Nizami poeması ilə səsləşən şəxsiyyət аzadlığı problemi qoyulmuşdur. Poema Rum zəriflərinin хаhişi ilə yazılmışdır. Poemanın motivləri əsasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov 1908-ci ildə Şərqin ilk operasını – “Leyli və Məcnun” operasını yazmışdır. “Leyli və Məcnun” adlı bədii film və eyni zamanda poemanın motivləri əsasında “Məhəbbət dastanı” filmi lentə alınmışdır.

Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl,  Demokrit və başqa yunan filosoflarının fikirlərindən, fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir. Nizami kimi o da öz əsərləri ilə ictimai-siyasi gedişə təsir göstərmək istəmiş, bəzən hakimlərə və məmurlara məsləhətlər etmişdir.

Füzuli öz seirlərində, XVI əsrə qədər azərbaycan türkcəsində yazan şairlərin bütün yaxşı təcrübələrini hesaba almış, onu böyük cürət və məharətlə inkişaf etdirmişdir. Lirikanın ən qiymətli nümunələrini verməklə Azərbaycan və eləcə də türk ədəbiyyat tarixində yeni, çox böyük və gözəl bir məktəb açmışdır. Füzuli ədəbi məktəbi, özünün məna, məzmun zənginliyi, bədii yüksəkliyi ilə insan hiss və fikirlərinin bədii ensiklopediyasını təşkil edir. Bu məktəb şeirimizin bədii keyfiyyətini son dərəcə yüksək bir pilləyə qaldırmaqla qalmamışdır. O, azərbaycan türkcəsinin bütün gözəlliklərini, imkan və qüdrətini parlaq surətdə nümayiş etdirmişdir. Bu məktəb klassik ədəbiyyatdakı köhnəlmiş qayda və normaları qırmaqda, inkişafa mane olan klassisizm ənənələrinə cəsur, azad və hünərli yanaşmaqda böyük tarixi xidmət göstərmişdir.

Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şeirin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

1959-cu ildə Füzulinin adı şəhərə və rayona verilmiş, Bakıda abidəsi ucaldılmışdır. Elmlər Akademiyasının Əlyazmalar İnstitutu şairin adını daşıyır. Haqqında 3 sənədli film çəkilmiş, “Füzuli kantatası” (C.Cahangirov), “Füzuli” sımfonik poeması (A.Məlikov) və bir çox qəzəllərinə musiqilər, romanslar bəstələnmişdir. 

1 comment: