A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı pdf

Şah İsmayıl Xətai

Şah İsmayıl Xətai
Şah İsmayıl Xətai

Şah İsmayıl Xətai - Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi. 

Şah İsmayıl 1487-ci il 23 iyunda Ərdəbil şəhərində dini-siyasi xadim, təriqət başçısı ailəsində anadan olmuşdur. Səfəvilər nəslindəndir. 

Babası Şeyx Cüneyd, atası Şeyx Heydər hakim olmuşlar. Anası Aləmşahbəyim isə Ağqoyunlu hömdarı Uzun Həsənin qızı idi. 

Atası Şeyx Heydər 1488-ci ildə Şirvanşahlarla müharibədə öldürüləndən sonra İsmayıl və ailəsi həbs edilmişdir. Dörd il yarım həbsdə saxlanıldıqdan sonra Ağqoyunlu hökmdarı Rüstəm Bayanduri onları İstəxr qalasından azad etdirib Ərdəbilə yola salmışdır. Az sonra Şeyx Heydərin oğlanlarının şöhrətindən qorxuya düşərək onların arxasınca beş min nəfərlik süvari göndərmişdir. Şəməsi adlı yerdə Qızılbaşlar məğlub olmuşlar. Ağqoyunlular yenidən Ərdəbili ələ keçirsə də, İsmayılla İbrahimi tapa bilməyiblər. Qızılbaş tərəfdarları onları Ərdəbildən Gilana – Lahicana qaçırmışlar. İsmayıl qardaşı ilə bərabər Gilanda altı il qalaraq Şəmsəddin Lahicidən ərəb, fars dillərini və “Quran” oxumağı öyrəndi. O, bir çox qələbələrdən sonra 1501-ci ilin payızında Təbrizə gələrək özünü şah elan etdi. 

1503-cü ildə Şah İsmayıl Həmədan yaxınlığındakı döyüşdə Sultan Muradı məğlub edərək Ağqoyunlu dövlətinin varlığına son qoymuşdur.

1510-cu ilə qədər bütün İranı və Bağdad da daxil olmaqla bütün İraqı özünə tabe etdirdi. Amudəryadan Fərat çayına qədər geniş bir ərazi İsmayılın hakimiyyəti altına keçdi. Onun hakimiyyəti illərində Səfəvilər imperiyası Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrilmişdi.

Şah İsmayılın yaratdığı Səfəvilər imperiyasının ərazisi
Şah İsmayılın yaratdığı Səfəvilər imperiyasının ərazisi

Şah İsmayıl az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. Şeirlərini “Xətai” təxəllüsü ilə yazmışdır. O, üç dildə – türk, ərəb və fars dillərində həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir.

Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olmuşdur.

Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur.

Yaradıcılığa yeniyetməlik dövründən başlamış, ilk şeirlərini Yunus İmrə, Qazi Bürhanəddin, İmaməddin Nəsiminin təsiri altında yazmışdır. Əsərlərini həm lirik, həm də epik növdə, həm əruz, həm heca vəznində yazmışdır. Heca vəznli şeirləri qoşma, gəraylı, varsağı, bayatı, əruz vəznli şeirləri isə qəzəl, qəsidə, qitə, mütrəbbe, tərcibənd janrlarındadır.

Şairin ədəbi irsi ana dilində yaratdığı “Divan”, didaktik mənzumələr, “Nəsihətnamə” və “Dəhnamə” adlı məsnəvilərdən ibarətdir.

Əsərlərinin az qismi fars, ərəb, əsas hissəsi isə Azərbaycan-türk dilindədir. Xətai lirik şairdir. Onun şeirlərinin, xüsusilə qoşma və gəraylılarının ana xəttini şiə-qızılbaşlıq təriqətinin tərənnümü təşkil edir. Xətai şeirlərinin bir qismi də sufilik görüşlərinin təbliğinə həsr olunmuşdur. Şairin sufizmə dair şeirlərinə güclü bir humanizm xasdır. O, məhəbbət lirikasında eşqə yüksək, ali hiss kimi baxır, onu mənəvi ucalıq yolu hesab edir. Onun həm əruz, həm də heca vəznli şeirlərində məhəbbəti “yeri-göyün dirəyi kimi” vəsf edir. Digər qism şeirləri isə təbiətin tərənnümünə aiddir. Əsərləri poetik dilinin sadəliyi, təbiiliyi, orjinal üslubu ilə diqqəti cəlb edir. Azərbaycan ədəbi dilinin inkişafında Xətainin mühim xidməti var.

O, anadilli poeziyanın inkişafına müstəsna əhəmiyyət vermiş, Azərbaycan dilində yazan şairlərə hamilik etmiş, sarayında şairlər məclisi yaratmışdı.

Onun hakimiyyəti dövründə Azərbaycan dili nəinki hakim ədəbi dilə çevrilmiş, eyni zamanda dövlət dili səviyyəsinə yüksəlmiş, diplomatik yazışmalarda istifadə olunmuşdur.

Xətainin əsərləri Yaxın Şərqin bir sıra ölkələrində zamanında yayılmışdı. Əsərlərinin əlyazmaları dünyanın məşhur əlyazma fondları və muzeylərində saxlanılır. 

Şah ismayıl Xətai 23 may 1524-cü ildə vəfat etmişdir. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn edilmişdir. O, 36 yaşında dünyadan köçmüş, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır.

Şah İsmayılın yüksək hərbi istedadı haqqında Karl Marks yazmışdır: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi".

Haqqında opera (M.Maqomayev “Şah İsmayıl”) və simfoniya (S. Fərəcov “Şah Xətai”) yazılmış, Bakının rayonlarından və metro stansiyalarından birinə adı verilmiş, Bakıda, Ərdəbildə, ölkəmizin bir çox şəhərlərində abidəsi ucaldılmışdır.

10 comments:

  1. Cox gozel melumatlardi

    ReplyDelete
  2. Təşəkkür edirəm!

    ReplyDelete
  3. Replies
    1. 🤫🤫🤫🤫🤫🤫

      Delete
  4. Çox sağ olun😀

    ReplyDelete
  5. Əladı sizin sayenizde imtahan keçə biləcəm

    ReplyDelete
  6. Şah İsmayıl Xətai haqqında məlumat çox işimə yaradı. Təşəkkürlər!

    ReplyDelete
    Replies
    1. Bu melumat tarix dersini yaza bilmeyime komek oldu sagolun

      Delete