A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Qaçaq Mayıl

Qaçaq Mayıl
Qaçaq Mayıl

Qaçaq Mayıl - XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki lideri, ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına, o cümlədən, Qubaya hücumlarının Həmdulla əfəndi Əfəndizadə ilə birlikdə qarşısını alan ən mühüm şəxslərdən biri.

Həyatı

XIX əsrin 60-cı illərində Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orda yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər).

Döyüş yolu

Əsrin əvvəllərində dəfələrlə erməni-bolşevik quldur dəstələrinin qarşısını almış qələbələr qazanmışdır. 1918-ci ildə əvvəlcədən qurulmuş plana görə, daşnak qoşunu Şamaxını tutduqdan sonra oradan Xaltan yolu ilə Qubaya gəlməli idilər. Lakin, onların bu mənfur planları baş tutmadı. Çünki, qonaqkəndli Qaçaq Mayıl öz dəstəsini vaxtında səfərbər etmişdi. Nügədili Əbülfəzin azərbaycanlılardan, Ləzgi İsmayılın isə ləzgilərdən ibarət dəstəsi də ona qoşulmuşdu. Görünür, ermənilər bu hazırlıqdan xəbər tutmuş və Qubaya gəlməmişdilər.

Quba qəzasında qırğınlar törətmiş Amazaspın arzusu Üçgün və Kilit kəndlərinə keçərək, Şah dağına çatmaq idi. Amma, Amazaspın bu arzusu ürəyində qaldı. Digah kəndi ərazisində indi “Qanlı Dərə” adlanan yerdə Möhübəli Əfəndinin, Hatəm Ağanın, Əli bəy Zizikskinin, Bəybala bəy Alpanskinin və Qaçaq Mayılın birləşmiş dəstələri daşnaklarla qanlı döyüşə girib onları məhv edirlər.

AXC və Qaçaq Mayıl

Qaçaq Mayılın Azərbaycan Xalq Cümhuriyyətinin fəalları ilə sıx əlaqəsi və dostluq münasibətləri olub. O, şəxsən Məhəmməd Əmin Rəsulzadənin yaxın dostu olub. Məhəmməd Əmin Rəsulzadə Lahıcda olduğu vaxtlarda Məşədi Qaim adlı bir vasitəçi ilə daim Rəsulzadənin vəziyyəti barədə əlaqə saxlayır, ona yardım edirmiş. O, həmçinin Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanı tərk etməsində iştirak etmişdir.

Sovet işğalından sonra mübarizəsi

Sarvan döyüşü

Yalama stansiyasında döyüş bitdikdən sonra Qaçaq Mayılın rəhbərliyi ilə Şabranda Sarvan stansiyasında relslər sökülür. Silahlılar mövqe tutur. Günortaya yaxın qırmızı ordunu gətirən qatar gəlir. Ordunun hərəkəti dayandırılır və bununla da, döyüş başlayır. Pulemyotlardan atəş açan ruslar qısa vaxt ərzində dağınıq halda hücum edən yerli əhalini sıxışdıra bilir. Dəstəyə rəhbərlik edən Mayıl məğlub olduqlarını görərək, sağ qalanlarla birlikdə Babadağa çəkilir. Ölkəyə rəhbərlik edən Nəriman Nərimanov yerli əhalini əldə saxlamaq üçün Həmdulla Əfəndiyə toxunulmazlıq verir. Qaçaq Mayıl isə mübarizəsinə davam edir. M.Ə.Rəsulzadənin Lahıcda qaldığı vaxtlar hər gün onunla görüşür, onu zəruri sənəd və məktublarla təmin edir. Onun Dağıstana keçirilməsi planı Mayıla tapşırılsa da, plan baş tutmur. Mayıl təslim olması barədə təkliflərə rədd cavabı verir. 20-ci illərin ortalarına qədər gizli fəaliyyət göstərən Müsavatın özək təşkilatı Mayıldan müqavimət göstərməyə davam etməyi xahiş edir. Mayıl təslim olmadıqca, ətrafına toplaşanların sayı artmağa başlayır.

Hüsü Hacıyevlə görüşü

Quba İcraiyyə komitəsinin rəhbəri Hüsü Hacıyev 4 nəfərlə birbaşa Qonaqkəndə, Mayılın görüşünə yollanır. Neycə meşəsindəki iqamətgahında gecədən xeyli keçənə qədər görüş davam edir. Qaçaq Mayıl qonaqların şərəfinə süfrə açdırır. Süfrə başında hörmətsizlik olar deyə, söhbət açılmır. Amma sonda Hüsü Hacıyev rəsmi əmrlə möhürlənmiş məktubu Mayıla uzadır. Qaçaq Mayıl ətraf dağların nəzarətçisi təyin edilir. Qonaqlar yola salınır. Amma Hacıyevin dəstəsinin Qubaya çatması ilə mühasirəyə düşməsi bir olur. Qaçaq Mayıl ordaca mövqeyini elan edir. Hüsü Hacıyev Bakıya əliboş dönür.

Ölümü

Hüsü Haciyevin əliboş qayıtması mərkəzi hakimiyyəti narazı salır. İşi bitirmək üçün NKVD-yə tapşırıq verilir. Plana görə, Qaçaq Mayılın dəstəsində fikir ayrılığı yaradılmalı və onun dəstəsi çökdürülməliydi. Qaçaq Mayılın oğullarından biri öldürülür. Az sonra şayiə yayılmağa başlayır ki, guya Mayıl özü oğlunu öldürdüb. Şübhəli xəbərlər digər oğullarına da çatır. Mayılın ətrafında inamı sarsıdan NKVD onun axırına çıxmaq üçün son həmləyə başlayır. Qaçaqların arasındakı casus xəbər verir ki, 1924-cü il mayın 24-ü Mayıl Dədəgünəşə Həzrət Babanı ziyarətə gedəcək. Babadağda son ziyarətini edən Qaçaq Mayıl geri qayıdarkən, Utuq dərəsində tələyə düşür. Qabaq qayadan beşatılanla hədəfə alınan Mayıla iki güllə dəyir. NKVD-nin planı baş tutur, Mayılın qətli isə guya ondan narazı qalan oğullarının üstündə qalır. Mayılın meyitini Xaşı kəndinə gətirib, pirin yanında dəfn edirlər.

Ailəsi

7 övladı olub. Seyrə Zahirova, İzzət Zahirova, Ömər Zahirov, Xankişi Zahirov, Baba Zahirov, Osman Zahirov və Hüriyyə Zahirova.

Qaçaq Mayılın öldürülməsindən sonra sağ qalan üç oğlu Babadağa çəkilir və burada mübarizəni davam etdirir. Elə burdan da, ikinci bir qaçağın adı dillərə düşür. Qaçaq Mayılın böyük oğlu Qaçaq Osman sovet hakimiyyətinə qənim kəsilir. İşə bu dəfə də NKVD müdaxilə etməli olur. O zaman Qonaqkənddə olan yerli NKVD nümayəndəsi Osmana tələ qurur. Osman hazırlanmış sui-qəsd nəticəsində ayağından yaralanır. Babadağda “Mayılın kahası” adlanan yerdə yaşamağa məhkum olur. Amma NKVD ondan əl çəkmir. Qışın çovğununda Babadağa, Osmanın arxasınca silahlı dəstə göndərilir. Ancaq dəstə üzvləri soyuqda donur və heç kim geri qayıtmır. Bundan sonra, NKVD sonuncu varianta əl atır. Ərazinin yaşlı əfəndisinin ailəsi girov götürülür. “Osman təslim olmasa, əfəndinin ailəsi güllələnəcək” şərti irəli sürülür. Əfəndi dağa yollanır. Yaralı Osmanı müalicə adı ilə evlərinə dəvət edir. Şübhələr dolu həyat yaşayan Osman ona inanmamasa da, Əfəndi and içərək onu inandırır və kəndə gətirir. Baba dərəsində əfəndi Osmandan yaralı olmasını bəhanə gətirib tüfəngini alır. Tərki silah edilmiş Osman xəyanət nəticəsində ələ keçir. Osmanı ələ keçirib müalicə etdirən hökumət humanist rol oynamağa davam edir. Ölkənin müxtəlif yerlərində təşkil edilən sirklərin sonunda Osman səhnəyə çıxarılır və Sovet dövlətinin sarsılmazlığı mədh edilir. Qısa vaxtdan sonra, dağda qalan İbrahim və digər qardaşı da həbs edilir. Məhkəmə hər üç qardaşı Kazana sürgünə yollayır.

Oğlu İbrahim AXC ordusunda xidmət edib və Sarvan döyüşünün iştirakçısı olub.

Qızı Seyrə Zahirova Sumqayıt şəhərində yaşayıb. 5 övladı, 29 nəvəsi var. Hazırda Qaçaq Mayılın Qonaqkənddəki ata mülkündən orta məktəb binası kimi istifadə olunur.

mənbə: vikipediya

No comments:

Post a Comment