İlyas Əfəndiyev - yazıçı, dramaturq.
İlyas Əfəndiyev 1914-cü il mayın 26-da Qaryagin şəhərində (indiki Füzuli) şəhərində doğulmuşdur. 16 yaşından məktəbi başa vurub аnа dili müəllimi işləmişdir. Sonra Bakı Аli Pedaqoji İnstitutunun coğrafiya fakültəsində охumuşdur. “Kulak oğlu” оlmasına görə təhsilini davam еtdirə bilməmiş, rayonа qayıdaraq coğrafiyа müəllimi işləmiş, 1938-ci ildə institutun qiyabi şöbəsini bitirmişdir. İlk hekayələrini də bu illərdə yazmışdır.
Alı təhsilini bitirdikdən sonra “Yeni yol”, “Kommunist”, “Ədəbiyyat qəzeti” redaksiyalarında, Radio Komitəsində, Bakı kinostudiyasında, Azərnəşrdə müxtəlif vəzifələrdə çalışmışdır.
İlk hekayəsi “Berlində bir gecə” 1939-cu ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdur. Onun “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan”, “Xan çinar” kimi romanları, bir çox povest və hekayələri Azərbaycan və rus dillərində dəfələrlə Bakıda və Moskvada nəşr olunmuşdur. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə, eləcə də, ingilis, fransız, alman, türk, ərəb, çex, slovak, bolqar, macar dillərinə tərcümə edilmiş, kitabları çıxmışdır.
İkinci Dünya müharibəsi başlarkən o “İntizar” adlı ilk pyesini yazmışdır (Mehdi Hüseynlə birlikdə). Bundan sonra “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsində”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mənim günahım”, “Mahnı dağlarda qaldı”, “Qəribə oğlan”, “Bağlardan gələn səs”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Şeyx Məhəmməd Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı” və başqa pyesləri Akademik Milli Dram Teatrında, eləcə də respublikanın digər teatrlarında, xarici ölkələrin teatr səhnələrində tamaşaya qoyulmuşdur. Təkcə, Milli Dram Teatrında 19 pyesi səhnələşdirilmişdir.
İlyas Əfəndiyev müstəqillik illərində də məhsuldar bir yazıçı kimi yazıb yaradıb. O, "Hacı Axundun cənnət bağı necə oldu" hekayəsini, "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povestini dərc etdirir və bir çox yeni dram əsərlərini yazıb tamaşaya qoyulmasına müvəffəq olur.
İlyas Əfəndiyev “Sən həmişə mənimləsən” pyesi ilə ədəbiyyatımızda lirik-psixoloji dramaturgiyanın banisidir. “Şeyx Xiyabani” pyesi isə ədəbiyyatımızda Azərbaycan xalqının birliyi probleminə həsr olunmuş ilk dram əsəridir. İlyas Əfəndiyev həm də “Xurşidbanu Natəvan” əsərindəki Natəvan surətilə ədəbiyyatımızda ilk dəfə olaraq, qadın surətini tarixi dram janrının qəhrəmanı seçmişdir.
Altmış illik yaradıcılığı dövründə onlarla pyesdən başqa yeddi roman, beş povest, qırxyeddi hekayə yazmışdır. O, özünəməxsus orjinal bir yaradıcılıq yolu keçmiş, ölməz sənət nümunələri yaratmaqla yanaşı eyni zamanda, çoxsaylı oçerklərin, xatirələrin, publisist yazıların və ədəbi-tənqidi məqalələrin müəllifidir.
İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərinə görə Azərbaycan dövlət mükafatına, “Xalq yazıçısı” fəxri adına layiq görülmüşdür. Haqqında üç sənədli film, əsərləri əsasında isə ondan çox bədii və televiziya filmləri çəkilmişdir.
Xalq yazıçısı İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakıdа vəfat еtmiş və Fəxri Xiyabandа dəfn оlunmuşdur.
No comments:
Post a Comment