A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Xəlil Rza Ulutürk

Xəlil Rza Ulutürk

Xəlil Rza Ulutürk - şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi.

Xəlil Rza Ulutürk 1932-ci ilin oktyabrın 21-ə Salyan rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlamışdır. M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdindəki ali ədəbiyyat  kurslarının müdavimi olmuş, sonra APİ-də baş müəllim işləmişdir. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda çalışmış, “Müharibədən sonrakı dövrdə Azərbaycan sovet ədəbiyyatında poema janrı” mövzusunda dissertasiya müdafiə etmişdir. Sonrakı araşdırmalarını Azərbaycan-özbək ədəbi əlaqələri istiqamətində aparmışdır. 

İlk mətbu şeiri 1948-ci ildə, “Bahar gəlir” adlı ilk kitabı 1957-ci ildə çap olunmuşdur. Bu vaxtdan dövri mətbuatda şeirləri, ədəbi-tənqidi məqalələri ilə müntəzəm çıxışlar etmişdir. Dünya poeziyasından tərcümələrini “Turan çələngi” adlı kitabında toplu halda çap etdirmişdir. 

1959-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 1963-cü ildən ali məktəbdə müəllim kimi fəaliyyətə başlamışdır.

1984-cü ildə "Ömürdən uzun gecələr" adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə etdiyi əsərlərdən ibarət "Qardaşlıq çələngi" toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələr etinasız yanaşdı.

1986-cı ildə ona Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə, əməkdar incəsənət xadimi fəxri adı verilir.

1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. Böyük şair çıxışları ilə hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını ifşa edirdi.

Sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarın 20-də Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi. Xarici jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, SSRİ rəhbərliyinin qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.

Mübariz ruhlu şeirlərinə və çıxışlarına görə 1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfindən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-suallar, ağır ittihamlar şairin iradəsini qıra bilmir, o, həbsdə də mübarizəsini davam etdirir. 8 ay 13 gün zindanda qalan şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyi”ni, 200-dən çox, şeir, poema və məktubunu qələmə alır. 

Xəlil Rzanın səhhəti Moskvada - Lefortovo həbsxanasında şəkər xəstəliyi olan  pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra  ictimaiyyətin tələbi ilə azadlığa buraxıldı. Xəstəliyinə baxmayaraq, bəraət alıb azadlığa buraxıldığı ilk günlərdən yenə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə meydanına atılmışdı.

Xəlil Rza Azərbaycan Respublikasının Ali Sovetinə növbəti seçkilərdə deputatlığa öz namizədliyini irəli sürmüş, seçkilərdə uğur qazansa da, onun seçilməsinə imkan verilməmişdir. Buna baxmayaraq, Xəlil Rza vətəndaş şair kimi geniş oxucu kütlələri ilə, döyüş bölgələrində əsgərlərlə görüşlərində şerlər oxuyur, alovlu çıxışlar edir, dinləyiciləri sərvaxt olmağa, istiqlaliyyət uğrunda mübarizəyə səsləyir, onlarda birlik və döyüşkənlik ruhu aşılayırdı.

1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir.

Qarabağ döyüşündə şəhid olan oğlu Təbriz Xəlilova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Böyük şair 1994-cü il iyunun 22-də vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.

No comments:

Post a Comment