A-Z

A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Rövşən Yerfi

Rövşən Yerfi 
Rövşən Yerfi – Azərbaycan nasiri, esseçi, publisist, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, ədliyyə mayoru. Müasir Azərbaycan ədəbiyyatında məhbəs nəsrinin ən görkəmli və ən həcmli yaradıcılarından biri kimi tanınır.

Həyatı
Rövşən Yerfi (Rövşən Həsənli Həsənbaba oğlu) 1965-ci il aprelin 23-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. Uşaqlıq illəri Quba rayonunda keçən yazıçı 1972–1982-ci illərdə orta məktəbi bitirmiş, 1982-ci ildə Bakı poçtamtında (indiki “Azərpoçt”) ilk əmək fəaliyyətinə başlamışdır. 1983–1985-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçmişdir.


Təhsil və peşə yolu

1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır.

1991–1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan “Şəfqət” qəzetində (sonradan “Tibb qəzeti”) məsul katib, “Millət” qəzetində məsul katib müavini vəzifələrində çalışmışdır.

1995–2012-ci illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində zabit əməkdaşı kimi xidmət etmiş, müxtəlif rejimli cəzaçəkmə müəssisələrində rejim və tərbiyə işləri üzrə böyük inspektor vəzifəsindən ədliyyə mayoru rütbəsinə qədər yüksəlmişdir. Bu dövr onun yaradıcılığının əsas mövzularını formalaşdıran illər olmuşdur.

2014–2015-ci illərdə “Hədəf nəşrləri”ndə redaktor kimi altmışdan artıq kitabın hazırlanmasında (redaktə, korrektə, mətn tərtibatı) iştirak etmişdir. 

1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildə isə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.


Ədəbi fəaliyyəti

1988-ci ildən Azərbaycan mətbuatında məqalələri dərc olunmağa başlamış, ilk hekayəsi 1989-cu ildə işıq üzü görmüşdür. Həmin il Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi “Debüt-89” respublika ədəbi yaradıcılıq müsabiqəsində nəsr nominasiyası üzrə qalib olmuşdur.

2004-cü ildə “Üzdəniraq ada” romanı ilə ilk kitabını oxuculara təqdim etmişdir. “Sel” povesti (“Azərbaycan” jurnalı, 2006) isə ədəbi orqanlarda dərc olunan ilk böyük əsəri hesab olunur.


Yaradıcılığı

Rövşən Yerfinin yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir: məhbəs həyatı və qadın taleyi.

Məhbəs mövzusunda yazdığı əsərlər Azərbaycan ədəbiyyatında bu sahədə ən həcmli və çoxjanrlı nümunələrdir. “Üzdəniraq ada” romanı, “Qadın düşərgəsi”, “Residivist”, “Qazamat sanitarları”, “Ləçər” povestləri, “Həbsxana bənövşəsi” və “Sanitarlar” pyesləri, “Qanunda olmayan dövlət” oçerki kimi əsərləri məhbəs sisteminin içindən gələn canlı təcrübəyə əsaslanır. “Məhbəs” (I və II kitab) əsəri isə bu mövzuda ən böyük həcmli toplu kimi diqqət çəkir.

Qadın obrazları və taleyi isə “Müqəssir” romanı, “Günahsız qatil” povesti, “Sel” povesti və bir sıra hekayələrində ön plandadır.

Esse yaradıcılığı da xüsusi yer tutur. “Mənim gündəliklərim” memuarında 1987–1991-ci illərdə Azərbaycanda şahidi olduğu mühüm ictimai-siyasi hadisələri qələmə almışdır. Esse və mənsur şeirlərində fəlsəfi, etik və ictimai məsələlərə toxunur.


Azərbaycan ədəbiyyatına töhfəsi

Rövşən Yerfi Azərbaycan ədəbiyyatında məhbəs mövzusunu sistemli və hərtərəfli şəkildə işləyən ilk yazarlardan biridir. O, bu mövzuda nəsr, pyes, esse və oçerk janrlarını uğurla birləşdirmişdir. Əsərləri real həyat təcrübəsinə əsaslandığı üçün sənədli xarakter daşıyır və oxucuda güclü təsir buraxır.


Kitabları

    1. "Üzdəniraq ada" – Bakı, Şirvannəşr, 2004, 260 səh.
    2. "Qadın düşərgəsi. Sel" – Bakı, Kitab Klubu, 2008, 152 səh.
    3. "Residivist" – Bakı, Kitab Klubu, 2009, 224 səh.
    4. "Qadın düşərgəsi" – Bakı, Kitab Klubu, 2010, 152 səh.
    5. "Günahsız qatil" – Bakı, Qanun, 2010, 140 səh.
    6. "Üzdəniraq ada" – Bakı, Kitab Klubu, 2012 (təkrar nəşr), 184 səh.
    7. "Penitensiar lövhələr" – Bakı, Zero, 2013, 96 səh.
    8. "Lənətə gələnlər" – Bakı, Kitab Klubu, 2014, 150 səh.
    9. "Şanssız" – Bakı, Xan, 2014, 120 səh.
    10. "Qazamat sanitarları" – Bakı, Zero, 2015, 126 səh.
    11. "Müqəssir" – Bakı, Elm və Təhsil, 2017, 108 səh.
    12. "Yerfi silsiləsi" – Bakı, Kitab Klubu, 2018, 120 səh.
    13. "Həyat etüdləri" – Bakı, Mücrü, 2020, 106 səh.
    14. "Qanadı sınmış mələklər" – Bakı, Mücrü, 2020, 236 səh.
    15. "Məhbəs" (I kitab) – Bakı, Mücrü, 2022, 312 səh.
    16. "Məhbəs" (II kitab) – Bakı, Mücrü, 2023, 248 səh.
    17. "Çiçək" – Bakı, Mücrü, 2024, 88 səh.
    18. "Ləçər" – Bakı, Mücrü, 2026, 76 səh.

Yalnız PDF formatında olan kitablar:
 
    1. "40 hekayə" – Bakı, 2022, 213 səh.
    2. "Mənim gündəliklərim" – Bakı, 2022, 75 səh.
    3. "Məhbəs pyesləri" – Bakı, 2022, 82 səh.
    4. "Baba yurdu" – Bakı, 2022, 50 səh.
    5. "Rafiq Tağı müasirimizdir" – Bakı, 2025, 51 səh.

Yalnız PDF formatında olan əsərləri də daxil olmaqla ümumilikdə 20-dən artıq kitabı nəşr olunub. Bir çox əsəri YouTube kanallarında səsləndirilmişdir.

Rövşən Yerfi müasir Azərbaycan ədəbiyyatında məhbəs mövzusunu ən geniş şəkildə işıqlandıran və bu sahədə yeni ənənə yaradan önəmli sənətkarlardan biridir.

No comments:

Post a Comment