A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Cəlal Qaryağdı

Cəlal Qaryağdı
Cəlal Qaryağdı

Cəlal Qaryağdı - azərbaycanlı heykəltəraş, Azərbaycan SSR-nin xalq rəssamı (1960).


Cəlal Qaryağdı 1915-ci ildə iyulun 15-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 


1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayır.


Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir. Heykəltəraşlığın müxtəlif janrlarında əsərləri var. Monumental-dekorativ heykəltəraşlıq onun yaradıcılığında əsas yer tutur. Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir. İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli (memar Ə.İsmayılov və Q.Əlizadə, 1958-ci il) Cəlal Qaryağdının ilk böyük işlərindən biridir. C.Qaryağdının monumental-dekorativ heykəltəraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Nəriman Nərimanovun heykəli (1972), Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltəraşlığının qiymətli nümunələri sırasına daxildir.


Bakıda N.Nərimanovun, vaxtilə Lenin (indiki Azadlıq) meydanında qoyulmuş V.İ.Leninin heykəllərini də C.Qaryağdı yaratmışdı. Sənətkar həmçinin Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun və başqalarının büstlərini yaradıb.


1954-cü ildə "Azərbaycanın Əməkdar incəsənət xadimi", 1960-cı ildə "Xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür. Cəlal Qaryağdı Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə, həmçinin medallarla təltif edilmişdir.


Cəlal Qaryağdı 2001-ci ildə Bakıda vəfat edib.


Əsərləri

  • M. Əzizbəyov, P. A. Çaparidze və İ.T.Fioletovun büstləri 1937)
  • Moskvada Ümumittifaq kənd təsərrüfatı sərgisinin Azərbaycan pavilyonu üçün kənd təsərrüfatı mövzusunda yaratdığı barelyeflər (1939)
  • Samur-Dəvəçi kanalının kənarında qoyulmuş "Kolxozçu" fiquru (1939)
  • Bakıda Nizami muzeyinin qərb fasadının lojasında M. P. Vaqifin heykəli (1939-1940)
  • Sovet İttifaqı Qəhrəmanları A. Quliyevin büstü (1945) və İ. Məmmədovun barelyefi (1944)
  • Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad Bisütun dağını yararkən" barelyefi (1947)
  • Sovet İttifaqı Qəhrəmanları H. Aslanov (1948-1949; ikinçi variantı 1961) büstportreti
  • Ö. Qəniyeva (1948) büstportreti
  • X. B. Natəvan (1949) və başqalarının büstportretləri
  • Bakıda N. Nərimanovun heykəli (tunç, qranit, 1966-1968; 1972-ci ildə açılışı olmuşdur)
  • M. Ə. Sabirin heykəli (tunc, qranit, 1958)
  • M. Ə. Sabirin (1962), Q. Qarayevin (1963), F. Əmirovun (1964) büstləri
  • S. Vurğunun qəbirüstü abidəsi (1966), heykəli (1966, Qazax)
  • Akademik Y. H. Məmmədəliyevin abidəsi (1977, Ordubad)
  • "Tarzən", "Kamançaçı","Xanəndə" (hamısı 1967) fiqurları və s.


mənbə: "Mədəniyyət" - 2010. - 14 iyul. - S. 14.

No comments:

Post a Comment