A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Qılman İlkin

Qılman İlkin
Qılman İlkin
Qılman İlkin - Azərbaycan yazıçısı, nasir.

Qılman İlkin (Qılman İsabala oğlu Musayev) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. 

İlk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur.

Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. O, 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır.

Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. 1974-cü ildən fərdi təqaüdə çıxmışdır.

Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.

8 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyi haqqında sərəncam imzalamışdır. Onun adına Xəzər rayonu, Mərdəkan qəsəbəsində küçə var.

Yaradıcılığı

Qılman İlkin ədəbi yaradıcılığa 1943-cü ildə "Yaralı şahin" adlı hekayəsi ilə başlamışdır. Onun Nəcəf bəy Vəzirovun uşaqlıq illərinə həsr etdiyi "Həyat yollarında" adlı povesti 1947-ci ildə çapdan çıxmışdır. Bundan əlavə, onun yaradıcılığında "Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988), "Bakı və bakılılar" (1998) əsərləri də yer alır. 1994–2000-ci illərdə "Sən Bakını tanıyırsanmı?", "Tovuz lələyi" kitabları kütləvi tirajla nəşr olunmuşdur. Onun "Qalada üsyan" romanı əsasında "Azərbaycanfilm"də "Yenilməz batalyon" filmi çəkilmişdir. O, eyni zamanda "Kölgələr sürünür" filminin ssenarisini də yazmışdır.
Yazıçı "Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdırdı", "Geriyə yol yoxdur", "Çətin döngələr", "Baba və nəvə", "Həyat sınaqları", "Qarışqa şıllaq atdı" pyeslərinin, "Şimal küləyi" (1962) povestinin, silsilə hekayələrin müəllifidir. Bu əsərlərin əksəriyyəti uzun müddət televiziyada nümayiş olunmuş, "Təzə şagird" pyesi isə tamaşaya qoyulmuşdur.

Yaradıcılığı boyu 50-dən çox kitabı çap olunan müəllifin bu nəşrlərdə dörd romanı yer alır. Digər kitabları isə əsasən povest və hekayələrdən ibarətdir.

Mükafatları

  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
  • Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı — 28 aprel 1967 ("Şimal küləyi" əsərinə görə)
  • "Qırmızı Əmək Bayrağı" ordeni — 28 oktyabr 1967
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (2 dəfə)
  • II dərəcəli "Vətən Müharibəsi" ordeni
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 17 may 1989
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 27 yanvar 2003
  • Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatı
  • "Humay" mili mükafatı ("Bakı və bakılılar" kitabına görə)

Filmoqrafiya

  • Kölgələr sürünür (film, 1958) (bədii film) — ssenari müəllifi
  • Yenilməz batalyon (film, 1965) (bədii film) — ssenari müəllifi
  • General (film, 1970) (bədii televiziya filmi) — ssenari müəllifi

mənbə: vikipediya

No comments:

Post a Comment