![]() |
| Tuva Cihangir Atasever |
Tuva Cihangir Atasever - türk astronavt, mühəndisi.
Türkiyənin ikinci kosmik uçuş iştirakçısıdır. Ana tərəfdən azərbaycanlı olan Atasever 2024-cü il iyunun 8-də Virgin Galactic şirkətinin Galactic 07 missiyası çərçivəsində suborbital kosmik uçuş həyata keçirmişdir. Uçuş zamanı Türkiyə bayrağı ilə yanaşı, anasının vətəni olan Azərbaycanın bayrağını da kosmosa aparmışdır.
Tuva Cihangir Atasever 1992-ci ildə Türkiyənin Ankara şəhərində anadan olmuşdur. Anası bakılıdır. Atasever uşaqlıq illərində Azərbaycanda da olmuş, burada keçirdiyi illərlə bağlı xoş xatirələrinin olduğunu bildirmişdir. 2024-cü ilin iyununda Azərbaycan mediasına verdiyi müsahibədə ölkəmizlə bağlı münasibətindən danışarkən “Azərbaycan mənim ana yurdumdur, yeri başqadır” demişdir.
2010-cu ildə Bilkent Universitetinin Elektrik və elektronika mühəndisliyi fakültəsinə daxil olmuşdur.
2014-cü ildə bakalavr təhsilini başa vurduqdan sonra ABŞ-a gedərək Kaliforniya Universitetinin İrvayn kampusunda (University of California, Irvine) magistratura təhsili almışdır. 2016-cı ildə fotonika sahəsində magistr dərəcəsi əldə etmişdir. Elmi tədqiqatları çoxnüvəli fiber-optik kabellərdə işıq siqnallarının ötürülməsi ilə bağlı olmuşdur.
2016-cı ildə Blue Dot VR adlı virtual reallıq texnologiyaları şirkətinin həmtəsisçilərindən biri olmuş və onun rəhbəri vəzifəsində çalışmışdır.
2017-ci ildə isə artırılmış reallıq texnologiyaları sahəsində fəaliyyət göstərən HyperSight şirkətinin yaradılmasında iştirak etmişdir.
2017-ci ildə Türkiyəyə qayıdaraq ROKETSAN şirkətində işləməyə başlamışdır. Şirkətin Kosmik Sistemlər Direktorluğunda aviyonika sistemləri üzrə mühəndis kimi fəaliyyət göstərmişdir. Türkiyənin mikrosatellit daşıyıcı raketinin və kosmik tədqiqat raketlərinin hazırlanması layihələrində iştirak etmişdir.
2018-ci ildə Delft Texnologiya Universiteti, Avropa Kosmik Tədqiqatlar və Texnologiyalar Mərkəzi (ESA ESTEC) və Beynəlxalq Kosmik Universitetinin birgə təşkil etdiyi Kosmik Tədqiqatlar Proqramını (Space Studies Program) tamamlamışdır.
2022-ci ilin mayında Türkiyə Kosmik Agentliyinin ilk astronavt seçimi proqramına müraciət etmişdir. Təxminən 11 ay davam edən seçim prosesinin müxtəlif mərhələlərindən keçdikdən sonra 2023-cü il aprelin 29-da Türkiyənin ilk iki astronavt namizədindən biri kimi təqdim olunmuşdur. Digər namizəd Alper Gezeravcı olmuşdur. Atasever Türkiyənin ilk insanlı kosmik missiyası üçün ehtiyat astronavt kimi müəyyənləşdirilmişdir.
2024-cü il yanvarında Alper Gezeravcının Axiom Mission 3 missiyası çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi zamanı Atasever ehtiyat missiya mütəxəssisi vəzifəsini yerinə yetirmişdir.
2024-cü il iyunun 8-də ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən Spaceport America kosmodromundan Virgin Galactic şirkətinin VSS Unity kosmik aparatı ilə Galactic 07 missiyasına qatılmışdır. Təxminən 1 saat 10 dəqiqə davam edən uçuş zamanı aparat təxminən 90 kilometr yüksəkliyə çatmışdır. Bu, orbital deyil, suborbital uçuş idi. Ataseverin missiyadakı əsas vəzifəsi mikroqravitasiya şəraitində elmi tədqiqatlar aparmaq olmuşdur. Təxminən üç dəqiqə davam edən sərbəst uçuş mərhələsində yeddi elmi təcrübə həyata keçirmişdir. Təcrübələr insan orqanizminin kosmik şəraitə reaksiyasının, beyin fəaliyyətinin, qan dövranının və digər bioloji proseslərin öyrənilməsinə yönəlmişdir.
Kosmik uçuşu zamanı Ataseverin üzərindəki xüsusi geyimdə Türkiyə və Azərbaycan bayraqları yanaşı yerləşdirilmişdir. O, uçuşdan əvvəl Türkiyə bayrağının prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ona təqdim edildiyini, Azərbaycanın bayrağını isə anasının vətəninə olan bağlılığına görə özü ilə aparacağını bildirmişdir. Müsahibəsində iki bayrağın kosmosda yanaşı olmasının Türkiyə və Azərbaycan xalqlarının qardaşlığını simvolizə etdiyini vurğulamışdır.
2024-cü il avqustun 5-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti və təşkilatçılığı ilə Azərbaycana səfər etmişdir. Laçında keçirilən V Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçıları ilə görüşmüş, kosmik uçuşu və apardığı elmi təcrübələr barədə məlumat vermişdir. Səfər çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədən Laçında olmuşdur.
2025-ci il noyabrın 18-də Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında iştirak etmək məqsədilə Azərbaycana gəlmiş və Bakı Dövlət Universitetində tələbələrlə görüş keçirmişdir. Görüşdə Türkiyənin kosmik proqramı, kosmik tədqiqatlar və mikroqravitasiya şəraitində apardığı elmi təcrübələr haqqında danışmışdır. Türkiyə ilə Azərbaycanın kosmik sahədə əməkdaşlığının əhəmiyyətini də vurğulamışdır.
Mənbələr:
1. Axiom Space – Tuva Ataseverin rəsmi bioqrafiyası
2. International Astronautical Federation – Tuva Cihangir Atasever
3. TRT Haber – Tuva Ataseverlə müsahibə, 6 iyun 2024
4. Oxu.az – Azərbaycan mənşəyi və ailəsi haqqında müsahibə
5. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi – Kosmosdan Laçına
6. Bakı Dövlət Universitetində Tuva Cihangir Ataseverlə görüş
7. Türkiyə Sənaye və Texnologiya Nazirliyi – Galactic 07 missiyası



No comments:
Post a Comment