A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Daşqın Şikarov

Daşqın Şikarov

Daşqın Şikarov  - Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri.

Daşqın Məzi oğlu Şikarov 29 yanvar 1973-cü il tarixində Şamaxı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. 1997-2007-ci illər ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 1999-2001-ci illərdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunda xidmət göstərmişdir. 2001-2005-ci illərdə Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyində üçüncü və ikinci katib, 2007-2011-ci illərdə isə həmin səfirliyin birinci katib və müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir. 2011-2015-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında, həmçinin iqamətgahı İslamabad şəhərində olmaqla Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmriliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuşdur. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi var.

Daşqın Şikarov Paksitan İslam Respublikasında müvəqqəti işlər vəkili və səfir vəzifələrində işlədiyi müddətdə Azərbaycan və Pakistan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etməsi, Azərbaycanın Paksitanda daha geniş tanınması və iki ölkənin müxtəlif sahələrdə fəaliyyət göstərən qurum və təşkilatları arasında əlaqələrin təşviq edilməsi istiqamətində uğurla fəaliyyət göstərmişdir. Daşqın Şikarovun səfir kimi fəaliyyət göstərdiyi dövrdə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüs və rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Pakistanda çox sayda müxtəlif xeyriyyə layihələri uğurla həyata keçirilmişdir.

Birləşmiş Ərəb Əmriliklərində səfir işlədiyi müddətdə Daşqın Şikarov Azərbaycan həqiqətlərinin bu ölkədə daha çox tanıdılmasına, iki ölkənin müxtəlif qurum və təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişafı və təşviq edilməsinə, BƏƏ-də keçirilən tədbirlərdə Azərbaycanın daha çox təmsil olunmasına nail olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın qeyri-neft sektorlarının inkişafı məqsədilə verdiyi tapşırıqların icrası çərçivəsində görülən tədbirlər nəticəsində bir sıra ölkələrlə yanaşı BƏƏ-dən də Azərbaycana turist axını kəsin artmışdır. Turizm və iqtisadi sahədə əlaqələrin daha da artırılmasında birbaşa uçuşların vacib rolunu əsas götürərək Daşqın Şikarov bu istiqamətdə bir sıra təşəbbüslər irəli sürmüş, müxtəlif görüşlər, danışıqlar və tədbirlər keçirmişdir. Nəticədə 2017-ci ilin mart ayından BƏƏ-nin Air Arabia şirkəti tərəfindən Şarja-Bakı-Şarja istiqaməti üzrə uçuşlara başlamışdır. İlkin olaraq həftədə üç dəfə olan uçuşlar sonradan daha da artırılaraq hazırda gündə iki dəfəyə çatmışdır. Bununla yanaşı dünyanın ən yaxşı hava yolları şirkətləri siyahısının beşliyinə daxil olan Etihad Airways şirkətinin 2018-ci ilin mart ayından Abu Dabi-Bakı-Abu Dabi, Air Arabi şirkətinin 2018-ci ilin iyun ayından Şarja-Qəbələ-Şarja xətti üzrə birbaşa uçuşlara başlaması barədə qərarlar qəbul edilmişdir.

Daşqın Şikarovun BƏƏ-də səfir işlədiyi dövr ərzində iki ölkə arasında bir çox qarşılıqlı nümayəndə heyətlərinin səfərləri baş tutmuş, Azərbaycan məhsul və xidmətləri BƏƏ-də keçirilən müxtəlif sərgi və yarmarkalarda nümayiş etdirilmiş, bu və regionun digər ölkələrinin bazarlarına çıxarılması məqsədilə müxtəlif səviyyələrdə danışıqlar aparılmışdır. Bu müddətdə Azərbaycanın BƏƏ-də hər il keçirilən bir neçə böyük və vacib tədbirdə iştirakına başlanılmışdır.

Göstərdiyi xidmətlərə və fəaliyyətinə görə Daşqın Şikarov “Vətənə xidmətə görə” ordeni, "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı, müxtəlif təşkilatlar tərəfindən “Gənclərin dostu”, “Jurnalistlərin dostu” və “İlin səfiri” fəxri adları ilə təltif olunmuşdur. İngilis, türk, fars, rus və urdu dillərini bilir.

Ailəlidir, üç övladı var.

İstifadə olunan mənbələr: vikipediya

No comments:

Post a Comment