A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Mirzə Ələkbər Sabir

Mirzə Ələkbər Sabir

Mirzə Ələkbər Sabir - mütəfəkkir, satirik şair.

Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 1862-ci il 30 mayda Şamaxıda anadan olmuşdur. 

O, Azərbaycan ədəbiyyatı, ictimai və bədii fikrinin ən böyük simalarındandır. 

Atası kiçik baqqal dükanı olan dindar idi və Ələkbəri gələcəkdə din xadimi kimi görmək istəyirdi. Buna görə də, atası Ələkbəri səkkiz yaşına çatanda mollaxanaya qoymuşdu. Sabir 12 yaşınadək dini düzgün anlamayan, yanlış təbliğ edən mövhumatçıların yanında oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına yardım etmişdir. Amma bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Lakin elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Sabir atasının iradlarından xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Aşqabad, Mərv, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir.

Sabirin başqa sənəti olmadığına görə, ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. 

1902-ci ildə baş vermiş dəhşətli zəlzələ Şamaxıda böyük dağıntılar yaradır. Şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı.

Sabirin şeirləri XX əsrin əvvəllərindən başlayaraq mətbuat səhifələrində görünür. 

1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə "Həyat" qəzetində onun şeiri çap olunur. 

1906-cı ildən "Molla Nəsrəddin" jurnalının ən sevimli şairi, ən fəal müəlliflərindən biri olur. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, Şamaxıda, Bakıda, Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta, bəzən cahil "din xadimləri" Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər. 

1907-ci ilin əvvəllərində Sabir sabun bişirməkdən əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət "İrşad" qəzetinin redaksiyasında korrektor işləyir və müəllim işləmək üçün imtahan verməyə hazırlaşır. Bu zaman Qori müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alır. Həmin məktublarda deyilirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. 

1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır.

Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı "Ümid" məktəbini açmağa müvəffəq olur. Az sonra Balaxanıdakı "Nicat" məktəbində böyük həvəslə dərs deməyə başlayır. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. 

M.Ə.Sabir milli ədəbiyyatda tənqidi realizmin yaradıcılarından biri, mollanəsrəddinçi satirik şeir məktəbinin isə yaradıcısıdır. Türk-müsəlman dünyasında satirik şeirin qüdrətli nümayəndəsidir. Şeirlərini yalnız əruz vəznində qələmə almışdır. Əsərləri lirik, epik, və satirik üslubdadır. Həm nəzm, həm də nəsrlə əsərlər yazmışdır.

Sabir ədəbiyyatımızda süjetli satirik şeirin ilk yaradıcısıdır. O, milli satirik şeirimizə taziyanə, qirmanc, satirik marş, bəhri-təvil, sual-cavab janrlarını gətirmişdir. Vətən, millət, hürriyət, istiqbal kimi motivlər şairin bədii yaradıcılığının əsasını təşkil edir. Ədəbi fəaliyyət dövründə dini mərsiyələr, lirik şeirlər, satiralar, felyetonlar, məqalələr yazmış, tərcüməçiliklə məşğul olmuşdur. 

Sabirin yaradıcılığında satira ilə lirika yanaşı inkişaf etmişdir. Lirika baxımından şairin şeirlərini üç qismə bölmək olar: klassik üslubda yazılan qəzəllər, ictimai-siyasi şeirləri, uşaq şeirləri.
XX əsrin əvvəllərində Sabir fəxriyyə janrını yeni motivlərlə zənginləşdirmiş və yenidən dirçəltmişdir. Onun “Molla Nəsrəddin” jurnalında dərc edilmiş “Fəxriyyə” adlı şeiri xalqın və vətənin  taleyinə həsr olunmuşdur. O, şeirdə xalqı dindaxili ayrı-seçkiliyə son qoymağa, milli birliyə çağırmasıdır.

Sabir Firdovsinin “Şahnamə” dastanından bir parçanı Azərbaycan dilinə tərcümə etmiş, İ.A.Krılovun eyniadlı təmsilinin motivləri əsasında “Qarğa və tülkü” adlı təmsil yaratmışdır. Onun satiralarının əsas mövzusu sosial-siyasi çətinliklər, xalqın mədəni və ictimai geriliyi, mövhumat, cəhalət və qadın azadlığı. “Ayılma”, “Pah atonnan, nə ağır yatır bu oğlan, ölübə?”, “Bizə nə”, “Kim nə deyər bizdə olan qeyrətə”, “Qoyma gəldi”, “Adəmi adəm eyləyən paradır” satiralarında ilk növbədə cəhalət və geriliyin, sinfi fərqlərin acı təzahürlərigöz önünə gətirilmişdir. Bu qəbildən olan şeirlərində şair insanları mənəvi əsarətdən xilas olmağa, özünü dərk etməyə, haqlarını başa düşməyə çağırır. Şairin başlıca amalı çətin vəziyyətin əsas səbəbkarı olan üsul-idarəni, rejimi dağıtmaq, xalqı qəflət yuxusundan ayıldaraq öz hüquqlarını başa salmaq idi. 

Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. Həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. 

"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. 

1911-ci il iyulun 12-də Mirzə Ələkbər Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur. Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri "Hophopnamə" adı ilə çap olunur.

Onun adı Şamaxı rayonunda bir qəsəbəyə verilmişdir. Şərəfinə bir rayon və şəhər Sabirabad adlandırılmışdır. Bakıda, Şamaxıda, Sabirabadda heykəli ucaldılmışdır. Bakı şəhər mərkəzi kitabxanası Sabirin adını daşıyır.  

No comments:

Post a Comment