A-Z

A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Almas İldırım

Almas İldırım
Almas İldırım
Almas İldırım -  Azərbaycanın mühacir şairi.


Almas İldırım (Əbdülhəsən Almaszadə) 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. 


Azərbaycan ədəbiyyatı tarixinə Almas İldırım kimi daxil olmuş şairin əsl adı Əbdülhəsəndir. Lakin uşaqlıqdan onu babasının adı ilə - Almas çağırırdılar. Şeirlərini Almas İldırım imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır.


Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir.


1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsini çap etdirir. 


1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 


1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A.İldırım ideolojimiz üçün zərərli bir insandır...". Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.


Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İrana çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün həbsxanada qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verirlər, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.


Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif bölgələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışır. 


1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur.


Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə vardır.


1991-ci ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.


Yaradıcılığı


Almas İldırım Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirmiş, milliyətçi və istiqlalçı şair kimi tanınmışdır. Yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunmuşdur. Bundan başqa, onun "Azərbaycan mahnıları" adlı kitabı da var. Azərbaycan Kültür Dərnəyinə üzv olan Almas İldırımın yazıları "Çinaraltı", "Orxun", "Gökbörü", "Boz qurd", "Kommunizmlə mücadilə" və digər qəzet və dərgilərdə dərc olunub.


Əsərləri


Azərbaycanca


  1. Seçilmiş əsərləri. Bakı: Öndər, 2004, 159 s.
  2. Qara dastan (şeir və poemalar). Bakı: Azərnəşr, 1994, 143 s.
  3. Azərbaycanın didərgin salınmış övladı şair Almas İldırımın şeirləriylə. Tərtib edəni və ön sözün müəllifi Hacı Hacıyev. Bakı: 1990, 30


Rusca


  1. Азербайджан; До свидания, Баку! (стихи) (Авторский перевод А.Фересетели). "Молодёжь Азербайджана", 1993, 14-24 апреля.
  2. Прощай Баку!; Азербайджан (стихи) (Перевод В.Кафарова). "Баку", 1993, 20 июля.
  3. Что было?; Не вернулся (стихи) (Авторизованный пер.А.Манафова). "Молодёжь Азербайджана", 1994, 31 декабря.


Haqqında olan ədəbiyyat


Azərbaycanca


  1. A. Həsənoğlu. "Ölməz eşqim Almas Yıldırım (Almas Yıldırımın şəxsiyyəti və poetikası), Bakı: Ozan, 2007. 200 s.
  2. A.Həsənoğlu."Boğulmayan səs" pyesi. "Yeddi qapı" kitabı. Bakı: Nurlan, 2004, 344 s.
  3. E.Bəşirova. Milli azadlıq mübarizi Almas İldırım. Bakı: Qartal, 1999, 71 s.
  4. N.Ələkbərli. Üç budaq: Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırım. Bakı: Gənclik, 1999, 191 s.
  5. B.Nəbiyev. Didərgin şair. Bakı: Sabah, 134 s.
  6. N.Xəzri. Allahım, mən neçin şair doğuldum. "Ədəbəbiyyat və incəsənət", 1990, 30 noyabr.
  7. M.Məsimoğlu. Nerdə məni gül qoynunda doğuran... "Yeni Azərbaycan", 2001, 24 avqust.
  8. M.Teymur. Mühacirlərimiz. "Azadlıq", 2006, 18 mart.
  9. A.Ülvi. Almas İldırım-90. "Xalq qəzeti", 1997, 18 oktyabr.
  10. K.Vəliyev. Əlvida, ey gözəl Bakı... "Açıq söz", 1990, N1, s.18-19.
  11. V.Yusifli. Qara dastan. "Yeni Azərbaycan", 2003, 27 iyul.
  12. V.Yusifli. "Yol ver, yol ver öz yurduma gedim. "Аzərbаycаn", 2004, s.3.


Rusca


  1. Кафаров В. Бакинец возврашается в Баку (О поезии А.Ильдырыма). "Баку", 1993, 20 мая.
  2. Манафов А. Соловей печальных песен (О поеме Алмас Ильдырыма). "Молодёжь Азербайджана", 1993, 22-29 мая.


mənbə: vikipediya

No comments:

Post a Comment