A-Z

A B C D E F G H J K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
Bioqrafiya.com - Azərbaycanın yeganə bioqrafiya saytı

Xaltanlı Tağı

Xaltan kəndi

Xaltanlı Tağı - XIX əsrdə yaşayan aşıq, Şirvan məktəbinin qurucusu.

Xaltanlı Tağı 1798-ci ildə Quba əyalətinin Xaltan kəndində anadan olmuşdur. Kameral təsvirlərə əsasən, atası İsmayıl, babası Mövlamqulu, qardaşı İsa olmuşdur. 

Tağı mollaxana təhsilini Tahircal (indiki Qusar rayonunda) kəndində almışdır. Elmə dərin maraq göstərən Tağı Tabasaranın Yaraq kəndində dövrünün böyük alimi Məhəmməd Yaraqlının mədrəsəsində təhsilini tamamlamışdır. Sonralar Dağıstan xalqlarının I imamı olmuş Qazi Məhəmməd və III imam Şeyx Şamil də həmin illərdə bu mədrəsədə təhsil almışlar. Aşığın Qazi Məhəmmədlə deyişməsi və Şeyx Şamilə yazdığı üç şeiri bizə məlumdur. Aşıq Tağı Xaltanda yaşasa da tez-tez səfərlərdə olmuş, Azərbaycan türkcəsinin işləndiyi yerlərdə - Həştərxandan Ərdəbilə, Xorasana qədər – sazı və sözü ilə gəzib dolaşmışdır. 

Tağının Sədi adında oğlunun da Dağıstanda təhsil aldığı, şeirlər yazdığı, onların Abbasqulu ağa Bakıxanovun təşkil etdiyi “Gülüstan” ədəbi məclisinin iştirakçıları olduqları da qeyd olunur. 

Onun yaradıcılığında aşıq şeirinin müxtəlif janrları; qoşma, gəraylı, deyişmə, divani, qıfilbənd, ustadnamələrlə yanaşı, qəzəl və müxəmməslərə də yer verilmişdir. 

Şirvan aşıq şeirinin yaradıcısı Xaltanlı Tağı dövrünün görkəmli ziyalıları ilə; Quba qazisi Abdulla əfəndi, Tahircallı Əmir Əli əfəndi, Xınalıqlı Əmin, Qubalı Hacı, Mirzə Möhsün Xəyali, 
Mahin, Ehraqlı Aşıq Rəcəb, Müşkürlü İbrahim və başqaları ilə yaxın münasibətdə olmuşdur. 

Tağının yaradıcılığı uzun müddət diqqətdən kənarda qalmış, şeirləri dillərdə dolaşmış, aşıqların repertuarında yaşamışdır. Buna görə də bir qismi unudulmuş, hazırda 125-ə qədər şeiri əldə olunmuşdur. 

1863-cü il və 1874-cü il siyahıyaalmalarına əsaslanaraq Tağının 1873-cü ildə vəfat etdiyini söyləmək olar. 

Əməkdar incəsənət xadimi, mərhum Ağalar Mirzə də Xaltanlı Tağı haqqında araşdırma aparıb.  

1999-cu ildə ustad aşığın həyat və yaradıcılığına həsr edilən “Xaltanlı Tağı” adlı kitab dərc etdirir. Bu zaman Aşıq Haşım Ağalar Mirzəyə Xaltanlı Tağının “Güllü və Tağı” dastanını verir və yeni kitab çap olunur.

28 yeni saz havası Xaltanlı Tağının adı ilə bağlıdır. Onun mahnıları sırasında “Qobustanı”, “Quba Kərəmi”, “Alça gülü”, “Cığatay Koroğlu”, “Vücudnamə” “Çoban yaylağı” çox məşhurdur.

2024-cü ildə "Mücrü" nəşriyyatında publisist, yazar Tahir Həsənlinin "Xaltanlı Tağı" kitabı işıq üzü görmüşdür.

mənbə: "Xaltanlı Tağı" Tahir Həsənli. Bakı, Mücrü,  2024, 172 səh.

No comments:

Post a Comment